Tarixi
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Abidələr məhv edilir
Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar açır. Tarixi abidələri də – Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi.
Bu gün bütün bu abidələr də işğal altındadır. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
Hazırda rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.
Abidələri
- Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
- Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində)
- Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)
- Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)
- Kurqan – tunc dövrü (Üzümçülük sovxozu)
- İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)
- Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında)
- Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi)
- Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə)
- Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında)
- Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal-şərqdə)
- Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)
- Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində)
- Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40 m. şimalında)
- İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi)
- Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi)
- Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə)
- Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)
- Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
- Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
- Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində)
- Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)
- Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)
- Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində)
- Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə)
- Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)
- Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi)
- Nekropol – orta əsrlər (Kənçərli kəndi)
- Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi)
- Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə)
- Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə)
- Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)
- Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)
- Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)
- Nekropol – qədim dövr (Seyidli kəndi)
- Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)
- Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)
- Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)
- Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində)
- Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
- Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
- Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi)
- Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə)
- Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km. cənub-şərqdə)
- Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü (Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
- Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
- Çəmənli təpə kurqanı – eneloit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
- Seyid Mustafa yaşayış yeri – eneloit (Bala Baharlı kəndindən 2 km. qərbdə)
- Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi)
- Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi)
- Qəhramanbəyli kurqanı – tunc dövrü (Qəhramanbəyli kəndi)
- I və II Qoşatəpə yaşayış yeri – eneloit dövrü (Əhmədağalı kəndi)
- Əhmədoğlu yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
- Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
- Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
- Vəlibəy təpələri (4 ədəd ) – eneloit, tunc dövrü və orta əsrlər (Əhmədağalı kəndində 2 km şərqdə)
- Yaşayış yeri – qədim dövr (Poladlı kəndi)
- Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)
- Çinartəpə yaşayış yeri – tunc dövrü (Qarqarçayın sol sahilində )
- Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi )
- Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı kəndinin qərbində )
- Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)
- Xırmantəpə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
- Hüseyntəpə kurqanları – ilk tunc dövrü (Çuxurməhlə kəndinin qərbində)
- Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
- Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda)
- Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)
- Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)
- Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)
- Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk orta əsrlər (Güllücə kəndinin cənub-qərbində)
- Yüzbaşlı təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndi)
- Ağabəy təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndinin şımalında)
- Abdüləzim təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)
- Şükürbəyli təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 2,3 km şımal-şərqdə)
- Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)
- Bəşirtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndi)
- Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)
- Kərimtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndinin şımal-şərqində)
- Qəbirstan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)
- I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)
- Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü (Üçoğlan kəndi)
- Güllütəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)
- Kazımtəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndinin qərbində)
- Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli kəndinin qərbində)
- Səfərli təpələri yaşayış yeri – eneloit (Səfərlı kəndi)
- Leyla təpəsi II yaşayış yeri – eneloit (Eyvazlı kəndi)
- Nəsirbəy təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən cənub-qərbdə)
- Kərimtəpə yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
- Əhəd təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
- Düyü təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)
- Nazdıxan təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)
- Çullutəpə kurqanı – tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin arasında)
- Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)
- Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)
- Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri)
- Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri)
- Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)
- Türbə – XIX əsr (Ağdam şəhəri)
- Sərdabə – XV əsr (Ağdam şəhəri)
- Körpü – XIV əsr (Madaqiz kəndi)
- Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)
- Məscid – 1868-ci il (Ağdam şəhəri)
- Məbəd – VI-VIII əsrlər (Şahbulaq kəndi )
- Məbəd – VI əsr (Kəngərli kəndi)
- Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)
- Türbə – XVIII əsr (Papravənd kəndi)
- Məscid – XVIII əsr (Papravənd kəndi)
- İqamətgah–XVIIIəsr (Şahbulaq kəndi)
- Karvansaray– XVIII əsr (Şahbulaq kəndi)
- Bürc– XVIII əsr (Şahbulaq kəndi)
- Məbəd– XV əsr (Maqsudlu kəndi)
- Türbə– XVIII əsr (Maqsudlu kəndi)
- Məscid– XVIII əsr (Qiyaslı kəndi)
- Məbəd– XVI əsr (Salahlı Kəngərli kəndi)
- Məscid– XIX əsr (Boyəhmədli kəndi)
- Türbə– XIV əsr (Kəngərli kəndi)
- Türbə– XIX əsr (Ağdam şəhəri)
- Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam şəhəri)
- Türbə – XIX əsr Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbirsanlığında)
- Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri)
- Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi)
- Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)
- Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )
- Qulu Musa oğlu türbəsi – 1314-cü il (Türbətli kəndi)
- Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
- Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)