“Zəfər sədası” adlı musiqi festivalının növbəti ünvanı Ağdam rayonu olub
06 noyabr 2022 | 18:07
6 noyabr 2022-ci il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin “Zəfər sədası” adlı musiqi festivalı baş tutub.
Festivalda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Konsert proqramından əvvəl Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlamış, Müzəffər Ali Baş Komandan , ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs etmişdir.
Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin solistləri Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, Beynəlxalq və Respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Taleh Yahyayev və Səbinə Allahverdiyevanın ifasında bayram ab-havalı bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri izləyicilərə təqdim olunub.