Zəfər forumunun növbəti ünvanı Ağdam rayonu olub
Biləsuvardan start götürən Zəfər forumunun növbəti ünvanı oktyabrın 27-də Ağdam rayonu olub. Bərdə, Tərtər, Ağcabədi, Laçın, Xocalı, İmişli, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edən Zəfər forumu Ağdam Muğam Mərkəzində təşkil olunub. Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və aparatın əməkdaşları, Müdafiə Nazirliyinin rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər. Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov forum iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi, ağdamlıların da hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarını qeyd edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Növbəti Zəfər forumunun Ağdamda keçirilməsinin rayon sakinlərinə göstərilən böyük etimad kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və Prezident İlham Əliyevin sərkərdəlik məharətinin, qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi olduğunu qeyd edib. Tədbir çərçivəsində “Əsgərə Məktub” layihəsi də həyata keçirilib. Bərdə, Tərtər, Ağcabədi, Laçın, Xocalı, İmişli, Zərdab, Beyləqan, Xocavənd və Füzuli rayonlarından olan şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək, Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər. Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub. Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.