Qarabağ suvarma kanalının yenidən qurulması üzrə növbəti onlayn konfrans keçirilib
28 oktyabr 2025 | 17:58
Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanmışdır.
Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, görüləcək işlərin həyata keçirilməsini sürətləndirmək və bu sahədə ardıcıl iş aparılmasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri tərəfindən 2024-cü il 17 iyul tarixində müvafiq İşçi qrupun yaradılmasına dair Əmr imzalanmışdır.
İşçi qrupun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun iştirakı ilə 2025-ci il 28 oktyabr tarixində növbəti onlayn konfrans keçirilmişdir. Onlayn konfransda Ağdam Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Abduləli Mehdiyev iştirak etmişdir.
Konfransda cari və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə müzakirələrin aparılması, yaranan çətinliklərin aradan qaldırılması istiqamətdə tapşırıqların verilməsi və digər məsələlər müzakirə edilmişdir.






