Ağdamda Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib
08 noyabr 2022 | 21:17
08 noyabr 2022-ci il tarixdə Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Azərbaycan Respublikasının əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak etmişlər. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Zəfər Gününə həsr olunmuş bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov çıxış edərək tədbir iştirakçılarına təbriklərini çatdırmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun tarixi zəfərlə nəticələnən qələbəsindən, ərazi bütövlüyümüzün bərpasından, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işlərindən, infrastruktur layihələrindən, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından geniş bəhs etmişlər.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Azərbaycan Respublikasının əməkdar artistləri Firuz Səxavətin, Səbuhi İbayevin, Elnur Zeynalovun və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir.
Həmçinin Zəfər Günü ilə əlaqədar olaraq mərkəzi meydanda , Heydər Əliyev Mərkəzinin qarşısında rayon sakinləri üçün atəşfəşanlıq təşkil olunub.