Ağdamda “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabının təqdimat mərasimi keçirilib
16 dekabr 2022 | 18:07
16 dekabr 2022-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbə heyəti iştirak ediblər. Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən biri – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qələbəmizin ikiilliyinə həsr edilən kitab Prezident İlham Əliyevin rəhbəriliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan post-konflikt quruculuğunda bəhs edir.
Tədbirdə çıxış edən natiqlər qeyd edib ki, kitabda davamlı sülhün təmin olunması və kommunikasiyaların açılması, sosial siyasət, yeni dövlət idarəetmə modeli, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi fəaliyyəti, iqtisadi və sosial infrastrukturun yaradılması, dövlət təşviqilə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı bərpası, əhalinin böyük qayıdışının təşkil edilməsi, Ermənistanın beynəlxalq məsuliyyətə cəlb edilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması siyasəti ayrı-ayrı bölümlərlə təqdim edilib.