Ağdamda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub
26 fevral 2024 | 17:55
26 fevral 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər 32 il öncə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etməsindən və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmasından, “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etməsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizlənməsindən bəhs etmişlər.
Saat 17:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.