Ağdamda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub
25 fevral 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksini və Şəhidlər Xiyabanın ziyarət etmiş, abidə önünə və şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək şəhidlərin ruhlarına ehtiramlarını ifadə etmişlər. Daha sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan etməsindən, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etməsindən, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmasından geniş bəhs etmişlər.