Ağdamda “Vətən Müharibəsinin Ağdam şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib
06 iyul 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində İlqar Boranoğlunun müəllifi olduğu “Vətən Müharibəsinin Ağdam şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təqdim olunan kitabın mahiyyətindən, 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində çaldığı Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından bəhs etmişlər. Tədbirdə çıxış edən kitabın müəllifi İlqar Boranoğlu təqdimat mərasiminin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə kitablar hədiyyə edilmişdir.