Ağdamda Vətən müharibəsində şəhid olan əkiz qardaşlar Allahverdiyev Nazir Xasay oğlunun və Allahverdiyev Tacir Xasay oğlunun doğum günü onların Çullu kəndindəki qəbrüstü abidələri önündə qeyd edilib
20 aprel 2022 | 15:32
Ağdamda Vətən müharibəsində şəhid olan əkiz qardaşlar Allahverdiyev Nazir Xasay oğlunun və Allahverdiyev Tacir Xasay oğlunun doğum günü onların Çullu kəndindəki qəbrüstü abidələri önündə qeyd edilib
Şəhidlərin ailə üzvlərinin, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərovun, aparatın əməkdaşlarının, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə ilk olaraq şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Mərasim iştirakçıları şəhidlərimizin məzarı önünə gül dəstələri düzərək abidələri önündə sayğı duruşuna dayanıblar.
Sonra şəhidlərin döyüş yoluna nəzər salınıb. Çıxış edənlər Nazir və Tacir qardaşlarının vətən naminə göstərdiyi qəhrəmanlıqlarından, xalqa və dövlətə bağlılıqlarından , onların vətən sevgisindən geniş söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhməti, unudulmaz fədakarlıqları var.
Qeyd edək ki, şəhid qardaşlar Allahverdiyev Nazir və Allahverdiyev Tacir Vətən müharibəsi zamanı öz döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabr 2020-ci ildə Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşlar.
Şəhid qardaşlar "Vətən uğrunda" (ölümündən sonra) və "Xocavəndin azad olunmasına görə" medalları (ölümündən sonra) ilə təltif ediliblər.
Vətən sağ olsun !