Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimatı baş tutub

29 avqust 2023 | 15:09

29 avqust 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları ailələrinə kömək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilmiş, Vətən Müharibəsi şəhidləri Nazir və Tacir Allahverdiyev qardaşlarına həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid ailələri, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, Nazir və Tacir Allahverdiyev qardaşlarının keçdiyi şərəfli döyüş yolundan , şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Qəhrəman şəhidlərin anası Mailə Allahverdiyeva çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Çıxışlardan sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edək ki, 20 aprel 2001-ci ildə Ağdamın Çullu kəndində doğulan əkiz qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən müharibəsində iştirak edərək cəbhənin Füzuli və Xocavənd istiqamətində çiyin-çiyinə vuruşaraq 2020-ci ilin 24 oktyabrında şəhidlik zirvəsinə ucalıblar.
Şəhid qardaşlar ölümlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Keçidlər