Ağdamda Vətən Müharibəsi şəhidi Vüqar Emin oğlu Vəliyevin xatirəsinə həsr olunmuş voleybol turniri təşkil edilib
17 oktyabr 2023-cü il tarixdə Ağdam Olimpiya İdman Kompleksində Vətən Müharibəsi şəhidi Vüqar Emin oğlu Vəliyevin xatirəsinə həsr olunmuş voleybol turniri təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağdam Rayon Təhsil sektorunun, Ağdam Olimpiya İdman Kompleksinin , Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə Gənclər və idman sektorunun və Uşaq gənclər idman şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 24 komanda mübarizə aparıb.
Turnirin açılış mərasimində şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon Təhsil sektorunun müdiri Tahir Abbasov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Vaqif Həsənov açılış mərasimində çıxış edərək şəhid Vüqar Vəliyevin keçdiyi şərəfli döyüş yolundan , şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmiş, iştirakçılara uğurlar arzulamışdır.
Turnirin sonunda qaliblərə kubok və digər hədiyyələr təqdim olunub.
Şəhid Vüqar Vəliyevin anası Gülzadə Vəliyeva tədbirin sonunda yarışın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, Vüqar Emin oğlu Vəliyev 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2013-2017-ci illərdə' Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil almışdır.
2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak etmiş və Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbində idman müəllimi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 17 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur.
Vüqar Emin oğlu Vəliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.