Ağdamda Vətən Müharibəsi şəhidi Quliyev Şəhriyar Nəsib oğlunun xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimat mərasimi baş tutub
25 may 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi, xüsusi təyinatlı qüvvələrin mənsubu, “bozqurd” ləqəbli, “Qarabağ” ordenli Quliyev Şəhriyar Nəsib oğlunun doğum günündə xatirəsinə həsr olunmuş “Qəhrəmanlığın Şəhriyar Zirvəsi” filminin təqdimat mərasimi baş tutub. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov, Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin əfsanəvi taborunun şəhid olmuş hərbi qulluqçularının valideynləri, şəhid ailələri və qazilər, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirakçıları salamlamış, şəhid Şəhriyar Quliyevin keçdiyi şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir. Tədbirin gedişində Şəhriyar Quliyevə həsr olunmuş şeirlər səsləndirilmiş, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir. Tədbirin sonunda qəhrəman şəhidin valideynləri və digər şəhid ailələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.Qeyd edək ki, Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhriyar Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qarabağ" ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.