Ağdamda Vətən Müharibəsi şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Şuşalı qəhrəman İsrafil İbrahimov:Yalnız İrəli-4 ” sənədli filminin təqdimat mərasimi baş tutub
16 oktyabr 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində “Azərbaycan-İraq” Mədəni Əlaqələr İctimai Birliyinin layihəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Vətən Media” yaradıcılıq qrupunun təşkilatçılığı ilə çəkilmiş, Vətən Müharibəsi şəhidi İsrafil Zülfüqar oğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Şuşalı qəhrəman İsrafil İbrahimov:Yalnız İrəli-4 ” sənədli filminin təqdimat mərasimi baş tutub .
Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmiş tədbirdə şəhidin ailə üzvləri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, filmin yaradıcı heyəti, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, şəhid İsrafil İbrahimovun keçdiyi şərəfli döyüş yolundan , şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Qəhrəman şəhidin atası Zülfüqar İbrahimov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Çıxışlardan sonra film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda aparılan döyüşlərdə iştirak edib, oktyabrın 26-da Laçın rayonunun Səfiyan kəndi istiqamətində gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olub.
İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.