Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirilib

08 iyun 2023 | 19:25

08 iyun 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun müəllifi olduğu, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr edilmiş və Birinci Qarabağ müharibəsində iştirak edərək orden və medallarla təltif edilmiş ağdamlı döyüşçülərdən bəhs edən “Vətən haqqı-Ana haqqı” adlı kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir. Daha sonra kitabda bəhs olunan döyüşçülər haqda hazırlanmış videoçarx nümayiş etdirilib. Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər təqdim olunan kitabın mahiyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi nəşrlərin müstəsna rol oynamasından, eyni zamanda orden və medallarla təltif olunmuş ağdamlı döyüşçülər haqqında kitabda bədii-publisistik yazıların yer almasından bəhs etmişlər. Tədbirin sonunda kitabın müəllifi “Azərbaycan bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlu çıxış edərək mərasimin təşkilinə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirmiş, şəhid ailələrinə və qazilərə kitablar hədiyyə edilmişdir.

Keçidlər