Ağdamda “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi” mövzusunda tədbir keçirilib
23 fevral 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği və öyrənilməsi” mövzusunda tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatı Aqil Abbas, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin və müstəqilliyimizin qorunub saxlanmasında xalqımız qarşısında misilsiz xidmətlərindən, onun uğurlu siyasəti sayəsində müstəqil Azərbaycan Respublikasının azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmlənməsindən, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr quraraq bütün sahələrdə uğurlar əldə etməsindən, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında nümayiş etdirməsindən geniş bəhs etmişlər. Sonda partiya sıralarına qoşulan bir qrup şəxsə YAP-ın üzvlük vəsiqəsi verilmiş, rayonun ictimai-siyasi həyatında fərqlənənlər isə fəxri fərmanla təltif olunmuşlar.