Ağdamda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib
10 may 2023-cü il tarixdə Ağdamda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ümumrayon tədbiri keçirilib. Rəsmi və bədii hissədən ibarət tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, millət vəkili Bəxtiyar Əliyev, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nüməyəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ağdam Muğam Mərkəzində baş tutan rəsmi hissədə iştirakçılar Ulu öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərlərdən bəhs edən fotosərgi ilə tanış olub, daha sonra Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu öndərin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olmasından söhbət açmış, Azərbaycan xalqının yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymasından bəhs etmişdir. Rəsmi hissənin sonunda Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilmişdir. Tədbirin mərkəzi meydanda davam edən bədii hissəsində Respublikanın tanınmış mədəniyyət və incəsənət ustaları müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunub.