Ağdamda Soyqırım qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib
31 mart 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “31 Mart- Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş anım tədbiri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir soyqırım qurbanlarının, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 1918-ci ilin mart hadisələrinə aparan tarixi şəraitdən, xalqımıza qarşı örədilən mart soyqırımı kimi faciəli bir tariximizin uzun illər məqsədli şəkildə saxtalaşdırılması və ört-basdır edilməsindən, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1918-ci il Mart Soyqırımlarına siyasi, hüquqi qiymət verilməsindən geniş söhbət açmış, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına dair imzaladığı Sərəncamdan bəhs etmişdir.