Ağdamda Şəhid Qarayev Elmin Rafət oğlunun ailəsi ziyarət edilib
22 fevral 2024 | 18:01
22 fevral 2024-cü il tarixdə rayonun İkinci Baharlı qəsəbəsində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev Vətən müharibəsi iştirakçısı, antiterror əməliyyatı zamanı şəhid olan Qarayev Elmin Rafət oğlunun övladının doğum günündə onun ailəsini ziyarət etmiş, onların qayğıları və problemləri ilə maraqlanmışlar.
Bildirilib ki, 19 sentyabrda başlanan və 24 saatdan az müddətdə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Tarixi ədalətin Azərbaycanın gücü və dəmir iradəsi ilə bərpa olunduğunu diqqətə çatdıran RİH başçısı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağını, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb. Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Elmin Qarayev 44 günlük Vətən müharibəsi iştirakçısı olmuş, döyüşdə fərqləndiyinə görə ölkə prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, antiterror əməliyyatlarından sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra) ilə təltif olunmuşdur. Elmin Qarayev 19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində gədən döyüşlərdə şəhid olub.