Ağdamda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
18 mart 2026-cı il tarixdə Ağdam rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq Azərbaycanın şəhərsalma və memarlıq irsinə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış memarlıq məktəbinə və şəhərsalma sahəsində görülmüş irimiqyaslı işlərə dair məlumatların ictimaiyyətə təqdim edilməsi məqsədilə tədbir keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Ağdam Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə şəhərsalma və memarlıq sahəsində gördüyü işlər və Ağdam rayonuna etdiyi səfərlərinə dair Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış sənədli film tədbir iştirakçılarına nümayiş olunmuşdur. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanın müasir şəhərsalma siyasətinin və memarlıq məktəbinin sistemli şəkildə formalaşmasının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından, Ulu öndər Heydər Əliyevin şəhərlərin inkişafında milli-mədəni xüsusiyyətlərin qorunmasına xüsusi önəm verməsindən, tarixi abidələrin qorunması və bərpası istiqamətində atılan addımlardan, Ümummilli lider Heydər Əliyevin Ağdamda tarixi-mədəni abidələrin təməlqoyma və açılış mərasimlərində iştirak edərək rayonun inkişafına töhfə verməsindən bəhs etmişdir.






