Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda pambıqçılığın inkişafı ilə bağlı görüş keçirilib

17 sentyabr 2026 | 19:20
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov “Prime Cotton” MMC-nin baş icraçı direktoru Tural Əlizadə ilə görüş keçirib.
Görüş Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası məsələlərinə həsr olunub.
Görüşdə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi və aqrar sahənin rəqabət qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət Proqramının əsas hədəflərindən biri ixtisaslaşmış rayonlarda kənd təsərrüfatı məhsullarının, o cümlədən pambığın məhsuldarlığının artırılmasıdır. Proqrama əsasən, 2030-cu ilədək ixtisaslaşmış rayonlarda pambıq məhsuldarlığının 50 sentner/hektara çatdırılması və pambıqçılıqda emal dərinliyinin artırılması nəzərdə tutulur.
Görüş zamanı Ağdam rayonunda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, əkin sahələrindən səmərəli istifadə, məhsuldarlığın artırılması, fermerlərlə əməkdaşlığın genişləndirilməsi və istehsal olunan pambığın emal imkanlarının inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Vaqif Həsənov Dövlət Proqramında qarşıya qoyulan hədəflərin Ağdam rayonunda uğurla icra edilməsinin, rayonun kənd təsərrüfatı potensialından səmərəli istifadə olunmasının və fermerlərin fəaliyyətinin dəstəklənməsinin vacibliyini vurğulayıb.
“Prime Cotton” MMC-nin baş icraçı direktoru Tural Əlizadə tərəfindən pambıq istehsalı və emalının inkişafı, müasir texnologiyaların tətbiqi, fermerlərlə əməkdaşlığın genişləndirilməsi və qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Görüşdə Dövlət Proqramının məqsəd və hədəflərinə uyğun olaraq Ağdam rayonunda kənd təsərrüfatının inkişafı, pambıqçılığın daha da genişləndirilməsi və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq məsələlər müzakirə olunub.
Keçidlər