Ağdamda Novruz Bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 mart 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və mədəniyyət işçiləri iştirak etmişlər. Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuş, idmançılar və hərbi geyimli gənclər tərəfindən müxtəlif səhnəciklər nümayiş etdirilmiş, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, Novruz Bayramının çoxəsrlik tarixindən, milli-mənəvi dəyərləri, humanizm prinsiplərini özündə birləşdirməsindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri sayəsində 2009-cu ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs etmişdir. Tədbir Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın tanınmış incəsənət ustalarının ifasında rəngarəng musiqi nömrələri ilə davam etmişdir. Həmçinin bayramın personajları hesab olunan bahar qız, kosa və keçəlin iştirakı tədbirə xoş ovqat qatmışdır.