Ağdamda Milli Qəhrəmanın anım günü qeyd olunub
09 aprel 2024 | 14:24
09 aprel 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam rayon təşkilatının dəstəyi ilə Ağdam rayon Şəhidlər Abidə Kompleksində Milli Qəhrəman Yelmar Edilovun anım günü qeyd olunub. Anım mərasimində Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, başçının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri və qəhrəmanın döyüş yoldaşları iştirak etmişlər.
Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
Çıxış edənlər Yelmar Edilovun Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, xalqımızın azadlığını hər şeydən uca tutmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalmasından bəhs etmişlər.
Qeyd edək ki, Edilov Yelmar Şahmar oğlu 11 aprel 1994-cü ildə “Çərik” kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmanlıqla şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.