Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Qəhrəman Canpolad Rzayevə həsr edilmiş “Canpolad” sənədli filminin təqdimatı baş tutub

10 fevral 2023 | 09:17
09 fevral 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Canpolad Yaqub oğlu Rzayevə həsr edilmiş və “Salnaməfilm studiyası” MMC tərəfindən dövlət sifarişi ilə hazırlanmış “Canpolad” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə qəhrəmanın ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, filmin rejissoru Elşən Zeynallı, şəhid ailələri, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının, Ulu öndər Heydər Əliyevin və Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq iştirakçıları salamlamış, Canpolad Rzayevin şərəfli döyüş yolundan , şəhid və Milli Qəhrəman ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Qəhrəmanın oğlu Canpolad Rzayev çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Çıxışlardan sonra sənədli film tədbir iştirakçılarına nümayiş etdirilmişdir.
Qeyd edək ki, Canpolad Yaqub oğlu Rzayev 26 fevral 1968-ci ildə Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Leytenant rütbəsində tank komandiri kimi Birinci Qarabağ müharibəsində iştirak etmiş, 26 fevral 1992-ci ildə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Keçidlər