Ağdamda “Milli Musiqi Günü” münasibətilə Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib
18 sentyabr 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində “Milli Musiqi Günü” münasibətilə Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib. Ağdam Musiqi Kollecinin təşkilatçılığı ilə keçirilən konsert proqramında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Musiqi Kollecinin direktoru, Respublikanın əməkdar artisti Fehruz Səxavət, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın hər il "Milli Musiqi Günü" kimi qeyd olunmasından, musiqi sənətinin inkişafına göstərilən dövlət qayğısından bəhs etmişlər. Daha sonra Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konsert iştirakçılarına təqdim edilib.