Ağdamda “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
06 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində Rayon İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və Universitetin müəllim heyəti iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmiş abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Sonra tədbir iştirakçıları Ağdam Rayon Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olmuşlar. Konfrans Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə RİH başçısı Vaqif Həsənov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və digər natiqlər çıxış edərək Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişlər.