Ağdamda əmək yarmarkası təşkil edilib
26 aprel 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Olimpiya İdman Kompleksində əmək yarmarkası təşkil edilmişdir. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Qarabağ Regional Məşğulluq Filialının əməkdaşları və işəgötürənlərin nümayəndələri iştirak etmişlər. İşəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran şəxslərə 222 sayda boş iş yerləri təqdim olunmuşdur. Filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 330 -dan yuxarı vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almaqdadır. İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.