Ağdamda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhidlərin dəfn mərasimi baş tutub
13 may 2024-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Ağdam şəhər sakini Əzizov Məhərrəm İsmayıl oğlu və Mərzili kənd sakini Əliyev Hikmət Zili oğlunun dəfn mərasimi baş tutub. Dəfn mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanların, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, Şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Çıxış edən RİH başçısı Vaqif Həsənov şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. Quzanlı qəsəbə Şəhidlər Xiyabanında dəfn edilən şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üstünə əklil və gül dəstələri düzülüb.