Ağdamda “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib
23 may 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib. Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam, Laçın, Xocalı, Xocavənd rayon prokurorları, Ağdam Hərbi Prokuroru, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, prokurorluq əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, Ağdam Rayon Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlə tanış olmuşlar. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə RİH başçısı Vaqif Həsənov, Ağdam Rayon Prokuroru Vasif Süleymanov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasından bəhs etmişlər.