Ağdamda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” və “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzularında tədbir keçirilib
04 noyabr 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr-Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” və “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzularında tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət edilmiş, önünə tər gül dəstələri düzülmüşdür. Tədbir iştirakçıları daha sonra məktəb şagirdlərinin 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm işlərindən ibarət sərgiyə baxış keçiriblər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə RİH başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmasından, Ermənistan ordusu tərəfindən işğal olunmuş keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğaldan azad olunması məqsədilə dünyanın müxtəlif təşkilatları qarşısında qəti tələblər qoymasından, Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatının başlanmasından, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığı, mərdliyi, şücaəti nəticəsində erməni ordusunun darmadağın edilməsindən və müzəffər ordumuzun tətbiq etdiyi döyüş strategiyasının müasir hərb tarixinə qızıl həriflərlə yazılmasından bəhs etmişlər.