Ağdamda "23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü"nə həsr olunmuş tədbir keçirilib
Ağdam rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü"nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə RİH başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdən öncə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşdür. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək Respublikamızda dövlət qulluğunun təkmilləşməsi istiqamətində aparılan islahatlardan söz açmış, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında geniş nitq söyləmişdir. Tədbirin sonunda ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı sərəncamla Ağdam Uşaq və ailələrə dəstək mərkəzinin direktoru Yaqut Qəhrəmanovanın təltif olunduğu “Tərəqqi” medalı RİH başçısı tərəfindən ona təqdim edilib. Həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup dövlət qulluqçusu RİH başçısı Vaqif Həsənov tərəfindən fəxri fərmanla təltif ediliblər.