Ağdamda “22 İyul - Milli Mətbuat Günü” münasibətilə dəyirmi masa keçirilib
22 iyul 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində “22 İyul-Milli Mətbuat Günü” münasibətilə dəyirmi masa keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, media nümayəndələri və rayon ziyalıları iştirak etmişlər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının, mətbuat nümayəndələrinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından, Ulu öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, ümummilli liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından, “Media haqqında” yeni qanun layihəsi hazırlanmasından, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılmasından bəhs etmişlər. Tədbirin sonunda bir qrup media nümayəndəsi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılmışdır.