Ağdamda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib
22 iyun 2023 | 14:17
22 iyun 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusunun xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biri olmasından, Ulu öndərin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmasıdan bəhs etmişlər.