Ağdamda 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib
18 oktyabr 2023-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev mərkəzində Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ziyalıları iştirak etmişlər. Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər bu gün çoxəsrlik tarixə malik qalib Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 32 illiyini qeyd etməsindən, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin qəbul edilməsindən, Milli Məclisin 2022-ci il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyərək mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni isə Müstəqilliyin Bərpası Günü elan olunmasından bəhs etmişlər.