Ağdamda 05 İyun-Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib
05 iyun 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində 05 İyun-Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Hafiz Əzimzadə, idarənin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən RİH başçısı Vaqif Həsənov və digər natiqlər meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin meliorasiya və su təsərrüfatı sahəsini daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab etməsindən, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, cənab Prezidentin rəhbərliyi altında son illərdə meliorasiya və su təsərrüfatı sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsindən, yeni infrastrukturun yaradılmasından, müasir texnologiyaların tətbiqindən, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində meliorasiya və su təsərrüfatı sahəsinin xüsusi əhəmiyyət kəsb etməsindən bəhs etmişlər. Tədbirin sonunda Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin bir qrup əməkdaşına rayon rəhbəri tərəfindən Fəxri Fərmanlar təqdim olunub, YAP sıralarına qoşulanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.






