Ağdam rayonunun Paşabəyli kəndində yeni subartezian quyusu istifadəyə verilib.
Ağdam rayonunun Paşabəyli kəndində əhalinin içməli suya olan tələbatının dayanıqlı və fasiləsiz şəkildə təmin edilməsi məqsədilə yeni subartezian quyusu inşa edilərək istifadəyə verilib.
Yeni su mənbəyinin istifadəyə verilməsi ilə əlaqədar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Qiyas Yusifov Paşabəyli kəndində olublar. Rəsmi şəxslər yeni istifadəyə verilmiş subartezian quyusuna baxış keçirib, görülən işlərlə tanış olub, su mənbəyinin texniki göstəriciləri və fəaliyyəti barədə ətraflı məlumat alıblar.
Sözügedən layihə Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən icra olunub. Layihə çərçivəsində ərazinin mövcud su təminatı imkanları və əhalinin tələbatı nəzərə alınaraq yeni subartezian quyusu qazılıb, zəruri texniki tədbirlər həyata keçirilib və su mənbəyi müvafiq avadanlıqlarla təchiz olunub.
Yeni subartezian quyusunun istifadəyə verilməsi Paşabəyli kənd sakinlərinin keyfiyyətli və fasiləsiz içməli su ilə təminatının yaxşılaşdırılmasına və əhalinin sosial-məişət şəraitinin yüksəldilməsinə mühüm töhfə verəcək.
Kənd sakinləri yeni içməli su mənbəyinin istifadəyə verilməsini yüksək qiymətləndirərək, görülən işlərin yaşayış məntəqəsinin sosial infrastrukturunun inkişafı və gündəlik tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Sakinlər əhalinin rifahına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Ağdam rayonunda əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin kommunal infrastrukturunun inkişaf etdirilməsi və su təminatının dayanıqlılığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da ardıcıl şəkildə devam etdirilməsi planlaşdırılır.






