Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd edilib
20 noyabr 2022 | 22:54
20 noyabr 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyəti və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam şəhərində yerləşən Ağdam Konfrans Mərkəzində Ağdam rayonunun işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, Milli Məclisin deputatları, görkəmli incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. 44 günlük müharibədə qəhrəmancasına döyüşərək, şəhid olanların adları həkk olunmuş lövhənin qarşısına əklil və güllər qoyulub, dualar oxunub. Ağdam Konfrans Mərkəzində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayıb, 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon ictimaiyyəti nümayəndələri tərəfindən cənab Prezident İlham Əliyevə ünvanlanan təşəkkür məktubunu səsləndirib.
Tədbirin bədii hissəsi tanınmış incəsənət xadimlərinin təqdimatında konsert proqramı ilə davam edib.