Ağdam rayonunun Ballar kəndində bərpa olunmuş suvarma sisteminin təqdimat mərasimi keçirilib
30 avqust 2022-ci il tarixində rayonun Ballar kəndində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, yerli ərazi nümayəndələri, kənd ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, “Ağdam rayonunun 9 kəndində suvarma sisteminin bərpa olunması” layihəsində məqsəd rayonun Quzanlı, Alıbəyli, Ballar, Birinci Yüzbaşlı, Bəybabalar, Böyükbəyli, İmamqulubəyli, Kəlbəhüseynli və Eyvazlı kəndlərinin istifadəyə yararsız quyu tipli artezian suvarma sistemini bərpa edərək sözügedən 9 kənddə istifadəsi dayandırılmış kənd təsərrüfatına yararlı torpaq sahələrindən yenidən istifadə olunması nəticəsində fermerlərin gəlirlərinin artırılmasının təmin edilməsidir. Çıxış edən RİH başçısı Vaqif Həsənov belə bir layihənin Ağdam rayonunda tətbiq olunmasının əhəmiyyətini vurğulayaraq başda Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi olmaqla layihənin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə xüsusi təşəkkürünü bildirmişdir.