Ağdam rayonunda 28 May - Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib
28 may 2022 | 18:14
Ağdam rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Ağdam rayon təşkilatının, Ağdam Rayon İcra Hakimiyyətinin məsul işçiləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək bildirib ki, 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.
Mansur Quliyev qeyd edib ki, Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Məhz belə bir vaxtda xalq bu acınacaqlı və olduqca təhlükəli vəziyyətdən çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü və bu tələblə küçələrə axışmağa başladı. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək, yenidən hakimiyyətə qayıdışı müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.
Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq.
Tədbirdə çıxış edən Ağdam rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, partiya fəallarından Xaləddin Tağıyev, Xanım Əliyeva və Elmin Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı tarixin dövlət səviyyəsində qeyd olunmasında, müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayıblar.
Tədbirdə yekun nitq ilə Ağdam rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverən Əliyev çıxış edərək Azərbaycanın müstəqillik tarixindən və Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılması yolunda göstərdiyi misilsiz xidmətlərindən bəhs edərək tədbir iştirakçılarına ətraflı məlumat verdi.