Ağdam rayonunda 27 Sentyabr- Anım Günü qeyd edilib
27 sentyabr 2022 | 17:40
27 sentyabr 2022-ci il tarixdə Ağdamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Şəhid ailələri və qazilər, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Şəhidlər Abidə Komleksində davam edən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın cəbhə boyu genişmiqyaslı təxribatına əks cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu düşmənə öz layiqli cavabını verərək tarixi ədaləti bərpa etdi. 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.
Vətən müharibəsindən sonrakı dövr ərzində, yəni postmünaqişə dönəmində də Ermənistan tərəfi sülh danışıqlarını pozmaq məqsədilə hərbi təxribatlara əl atdı və ordumuz bu təxribatların qarşısını almaq məqsədilə “Qisas” və “Qətiyyətli cavab” hərbi əməliyyatları ilə düşmənə sarsıdıcı zərbələr endirdi. Ermənistanın revanşist qüvvələri unutmasınlar ki, bu cür təxribatlar bir də təkrarlansa, onlara ordumuz tərəfindən daha ağır zərbələr vurulacaq, Müzəffər Ali Baş Baş Komandanımız cənab İlham Əliyevin qeyd etdiyi kimi Dəmir Yumruq hələ də yerindədir!
Azərbaycan qalib tərəf kimi bu gün də bölgədə, regionda dayanıqlı sülhün və əminamanlığın tərəfdarıdır.
Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni uğurlara, qələbələrə imza atacaqdır. Daha sonra çıxış edənlər Şanlı Vətən müharibəsi zamanı xalqımızın birliyindən, ordumuzun qüdrətindən, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətindən söhbət açıblar. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Komleksində Birinci Qarabağ Müharibəsi Şəhidlərinin adına ucaldılan xatirə lövhəsinin önünə gül dəstələri düzərək onları yad etmiş, ruhlarına dualar oxumuş, Bayraq Meydanında Şəhidlərin xatirəsinə ağaclar əkmişlər. Daha sonra RİH başçısı və tədbir iştirakçıları Şəhidlər Xiyabanını və rayonun digər kəndlərində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək onlara ehtiramlarını göstərmişlər.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.