Ağdam rayonunda 2026-cı ilin pambıq yığımı mövsümünə start verilib
05 oktyabr 2026 | 17:48
Ağdam rayonunda 2026-cı ilin pambıq yığımı mövsümünə start verilib.
05.10.2026-cı il tarixində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, “Prime Cotton” MMC-nin yerli rəhbərliyi və sahibkarlarla birgə Əfətli kəndində Taleh Əbdürrəhmanovun pambıq tarlasına baxış keçirib. RİH başçısı Vaqif Həsənov sahədə yığım prosesinin gedişi ilə tanış olub, fermerlərlə görüşərək mövcud vəziyyət və qarşıda duran məsələlərlə maraqlanıb.
RİH başçısı Vaqif Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması, müasir aqrotexniki tədbirlərin tətbiqi və bu sahədə mövcud imkanlardan daha səmərəli istifadə ilə bağlı qarşıya mühüm vəzifələr qoyması pambıqçılığın inkişafına xüsusi diqqətin göstəricisidir. O bildirib ki, dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Ağdam rayonunda da pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Vaqif Həsənov vurğulayıb ki, pambıqçılığın inkişafı yalnız məhsul istehsalının artırılması deyil, eyni zamanda kənd yerlərində məşğulluğun genişləndirilməsi, fermerlərin gəlirlərinin yüksəldilməsi və rayonun aqrar potensialından daha səmərəli istifadə baxımından da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan pambıq yığımının yüksək səviyyədə təşkili, məhsulun itkisiz və vaxtında tədarük edilməsi əsas vəzifələrdəndir.
RİH başçısı pambıq yığımının mütəşəkkil şəkildə aparılması, məhsulun itkisiz toplanması, texnikadan səmərəli istifadə olunması və fermerlərin fəaliyyətinin dəstəklənməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.






