Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əsaslı təmir olunan Vətən Müharibəsi şəhidinin evi istifadəsi üçün onun ailə üzvlərinə təhvil verilib
25 avqust 2022 | 18:57
25 avqust 2022-ci il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Papravənd kəndindən məcburi köçkün, Vətən Müharibəsi şəhidi Əmirov Adəm Elçin oğlunun ailə üzvlərinin yaşadığı Bənövşələr köçkün qəsəbəsi, 242 nömrəli evdə Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən əsaslı təmir olunan evin və evin önündə şəhidin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak etmişdir. Açılışda Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak etmişlər. RİH başçısı Vaqif Həsənov Əmirov Adəm Elçin oğlunun xatirəsinə inşa edilən xatirə lövhəsininin qarşısına gül dəstələri düzmüş, şəhidin ruhuna dualar oxumuşdur. Çıxış edən RİH başçısı Vaqif Həsənov 44 günlük Vətən Müharibəsi zamanı şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən və Ali Baş Komandan İlham Əliyevin qədiyyətindən danışıb. Görüşün sonunda şəhidin ailə üzvləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişlər.
Qeyd edək ki, Adəm Əmirov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 20 oktyabr 2020-ci ildə şəhid olmuşdur. Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra)