Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov səyyar qəbul-görüş keçirib
26 avqust 2022-ci il tarixində əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində ağdamlı məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilib. Qəbuldan əvvəl RİH başçısı Vaqif Həsənov Ümid qəsəbəsində Ağdam rayonunun Yusifcanlı kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Quliyev Heydər Qurban oğlunun adına inşa edilən xatirə lövhəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək, ruhuna dualar oxumuşdur. Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Qəbul zamanı RİH başçısı Vaqif Həsənov Ağdam rayonunun Seyidli kəndindən məcburi köçkün, hazırda Qaradağ rayonunun Lökbatan qəsəbəsində məskunlaşan, 2007-ci il təvəllüdlü karate döyüş növü üzrə 1-ci dan Qara kəmər ustalıq dərəcəsi olan, bir neçə dəfə yeniyetmələr və gənclər arasında Respublika birincisi olan, 2022-ci ildə Çexiyanın Praqa şəhərində keçirilən yeniyetmələr və gənclər arasında karate döyüş növü üzrə Avropa çempionatında birinci yerə çıxmış Əzim Rahib Sahib oğlu ilə görüşmüş, idmançılarımızın daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirərək Azərbaycan himninin sədaları altında dövlət bayrağımızı zirvəyə qaldırdığına görə ona təşəkkür etmiş, idmançıya gələcək karyerasında uğurlar arzulamışdır.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişlər.