Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Məclisin deputatı Bəxtiyar Əliyevlə birlikdə Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib
11 oktyabr 2024 | 17:32
11 oktyabr 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Məclisin deputatı Bəxtiyar Əliyevlə birlikdə Vətən müharibəsi şəhidi Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlunun ailəsini ziyarət edib.
RİH başçısı və millət vəkili şəhidin Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində müvəqqəti məskunlaşmış ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılıb. Prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığı bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il oktyabrın 8-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Ağdam rayonu ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, oktyabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Vətən müharibəsi şəhidi Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda" , "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.