Ağdam Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
20 oktyabr 2026-cı il tarixində Ağdam rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov və şuranın üzvləri, rayon ziyalıları və ağsaqqallar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiramlarını ifadə etmişlər. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilirməsindən, ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan bəhs etmişdir. Çıxış edən Vahid Novruzov ağsaqqalların həyat təcrübəsinin, müdrik məsləhətlərinin gənclərin düzgün istiqamətləndirilməsi, ailə dəyərlərinin möhkəmləndirilməsi və cəmiyyətdə həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovun şuranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Sonra konfransda təşkilati məsələlərə baxılıb, Rayon Ağsaqqallar şurasının yeni üzvləri seçilib. Sonda konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






