Ağdam Musiqi Kollecində tanınmış muğam tədqiqatçısı Cefri Verbokla görüş keçirilib
21 oktyabr 2026 | 14:56
Ağdam Musiqi Kollecində tanınmış muğam tədqiqatçısı Cefri Verbokla görüş keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Cefri Verbokun 1997-ci ildə Bakıda Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilməsini xatırladıb. O, qonağın həmin görüş zamanı Ulu Öndərə verdiyi vədi bu gün azad Qarabağda gerçəkləşdirməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Vaqif Həsənov Cefri Verbokun uzun illər ərzində Azərbaycan muğamına göstərdiyi marağı və bu sənətin təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirərək, belə görüşlərin milli musiqi irsimizə beynəlxalq diqqətin artırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Kollecin direktoru, əməkdar artist Fehruz Səxavət çıxışında Ümummilli Lider Heydər Əliyevin milli musiqi irsimizin qorunması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətindəki xidmətlərinə toxunub. O, muğam sənətinə və milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğının rəhbərlik etdiyi tarixi təhsil ocağının fəaliyyətində də daim əsas prinsiplərdən biri olduğunu vurğulayıb.
Görüş çərçivəsində Cefri Verbokun müəllifi olduğu “Şuşa, sevgilim” sənədli filmi nümayiş etdirilib. Filmdə qonağın Ağdamın Abdal Gülablı kəndinə səfərini, eləcə də görkəmli muğam ustadı Səxavət Məmmədovun məzarını ziyarət etməsini əks etdirən kadrlar iştirakçılar tərəfindən böyük ehtiramla izlənilib. Bu səhnələr Qarabağın musiqi yaddaşına, milli-mənəvi dəyərlərinə və sənətkarlarımızın əziz xatirəsinə duyulan hörmətin ifadəsi kimi diqqət çəkib.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan kompozisiya səsləndirilib. İştirakçılar qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad ediblər.
Ağdam Musiqi Kollecində keçirilən bu görüş Qarabağın mədəni həyatının dirçəlişini, muğam sənətinin yaşadılmasını və milli musiqi irsimizin beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini bir daha nümayiş etdirib.






