Ağdamlı melioratorlar peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etmişlər
Ağdam rayonunda meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilmişdir.
Ağdam rayon suvarma sistemləri və subartezian quyularının istismarı idarələrinin kollektivləri Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra keçirilən tədbirdə çıxış edənlər meliorasiya və su təsərrüfatı işçilərinə peşə bayramları münasibətilə təbriklərini çatdırmış, ümummilli lider Heydər Əliyevin meliorasiya və irriqasiyanın inkişafına verdiyi misilsiz töhfələrdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmişdir. 1993- cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkədə meliorasiya və su təsərrüfatının inkişafına hazırda Prezident İlham Əliyev tərəfindən də böyük diqqət və qayğı göstərilir.
Məlumat verilmişdir ki, rayonda 31 min 800 hektar əkin sahəsində suvarma aparılır. Bu iş 764 subartezian quyusu, 3 nasos stansiyası, 365,7 kilometr uzunluğundakı suvarma kanalları vasitəsilə həyata keçirilir. 2014-cü ilin ötən dövründə 21 yeni subartezian quyusu qazılmış, 10 subartezian quyusu, 200 nasos, 3 kilometr boru xətti təmir edilmiş, 31 kilometr kanal lildən təmizlənmişdir. Həmin müddətdə 12 min 916 hektar taxıl, 490 hektar dənlik qarğıdalı, 3295 hektar tərəvəz-bostan, 11 min 051 hektar yemlik bitkilər, 150 hektar pambıq, 57 hektar şəkər çuğunduru, 3745 hektar həyətyanı sahələr orta hesabla 2,1 dəfə suvarılmışdır.
Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilmişdir.