Avropalı deputatlar Ağdam rayonunda olmuşlar
Ağdam, 19 may (AzərTAc). Azərbaycanda səfərdə olan Norveç Stortinqinin (Parlamentinin) üzvləri - İnqebjorq Qodskesen, Karin Voldset, Karl Qardarsson və Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso mayın 19-da Ağdam rayonuna gəlmişlər.
AzərTAc xəbər verir ki, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı məlumat verilmişdir. Həmçinin Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filmi göstərilmişdir.
Avropalı deputatlar 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə baş çəkmiş, məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmuşlar. Daha sonra Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndinə gələn qonaqlara burada yaşayan əhalinin həyat şəraiti barədə məlumat verilmişdir.