Ağdamda faşizm üzərində Qələbənin 69-cu ildönümü qeyd olunmuşdur
Ağdamda İkinci Dünya müharibəsində Qələbənin 69-cu ildönümü qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları rayonun Mahrızlı kəndində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə tər çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbirdə çıxış edənlər müharibə veteranlarını Qələbə bayramı münasibətilə təbrik etmiş, İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı və faşizm üzərində qələbənin qazanılmasında rolu barədə danışmışlar. Bildirilmişdir ki, Böyük Vətən müharibəsində 7300 nəfərdən çox ağdamlı alman faşizminə qarşı igidliklə döyüşmüş, onlardan 3038 nəfəri həlak olmuşdur.
Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət və qayğılarından ətraflı söhbət açılmışdır.
Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Böyük Vətən müharibəsi veteranlarına rayon icra hakimiyyəti tərəfindən maddi yardım və hədiyyələr verilmişdir.
Tədbir məktəblilərin ifasında kompozisiya ilə davam etdirilmiş, sonda müharibə veteranları üçün bayram süfrəsi açılmışdır.