Ağdam rayonunun Birinci Baharlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir
Ağdam rayonunun cəbhə xəttində yerləşən Birinci Baharlı kəndində 160 şagird yerlik yeni məktəb binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışmışlar.
Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının tikilib istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə məktəblilərin ifasında ədəbi-bədii proqram nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.
Məktəbdə fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqları, istilik sistemi yaradılmış, məktəb lazımi inventar və avadanlıqla təmin olunmuşdur.